Yuxarı

İranlı nazir: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim üçün önəmlidir"

Biz bunun tezliklə baş verməsini istəyirik

Bakı. 17 aprel. REPORT.AZ/ "İrana nüvə məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik. İranın dinc məqsədli nüvə məsələsində uğur əldə etməsi yalnız İran üçün deyil, bütün region ölkələri və xalqlarının hüquqlarının müdafiəsi hesab edilməlidir. Qərb ölkələri İran xalqının hüquqlarını görməzlikdən gələrək bizə qarşı haqsız sanksiyalar tətbiq etdilər. Lakin nəhayət, onlar bununla razılaşdılar ki, İran dinc məqsədli nüvə enerjisinə sahib ola bilər". "Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.

Onun sözlərinə görə, İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu mövqe bundan sonra da davam edəcək: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim üçün önəmlidir. Biz bunun tezliklə baş verməsini istəyirik".

O, həmçinin qeyd edib ki, Bakıda dövlət rəsmiləri ilə danışıqlar zamanı Azərbaycanla sığorta sahəsindəki təcrübə mübadiləsi, dərman istehsalı sahəsində əməkaşlıq, Qırmızı Aypara cəmiyyətinin Bakıda yerəşən klinikasının yenidən qurulmasına dair razılıq əldə olunub: "Biz eləcə də turizm, xüsusən də tibbi turizm sahəsində əməkdaşlığa dair müzakirələr apardıq. Əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının artırılması, peşə təhsillərinin verilməsində müəyyən razılıq əldə etdik".

İranlı nazir qeyd edib ki, ümumiyyətlə İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: "İran Azərbaycana mühüm tərəfdaş kimi baxır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edə bilər. Bunun üçün çox geniş imkanlar var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi