​İlham Əliyev: "Əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər"

​İlham Əliyev: "Əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər" "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir"
Qarabağ
9 Noyabr , 2015 22:37
​İlham Əliyev: Əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər

Bakı. 9 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulub:

"Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülüblər. Hansı məqsədlə köçürülüblər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır".

İlham Əliyev hesab etdiyini bildirib ki, "vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".

Son xəbərlər

Orphus sistemi