Yuxarı
    Bağlamaq

    İlham Əliyev: BMT TŞ-nin bəzən bir neçə günə yerinə yetirilən qətnamələrini biz 24 il gözləməli oluruq

    Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır

    Bakı. 5 oktyabr. REPORT.AZ/ "Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik".

    "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib.

    "Qarşımızda duran əsas çağırışlardan biri əlbəttə ki, artıq 25 ildən çoxdur davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Əslində bu, Sovet İttifaqının süqutu ərəfəsində başlayıb və Sovet İttifaqı dağılandan dərhal sonra Ermənistan və digər xarici qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağdakı erməni separatçıları bəşəriyyətə qarşı cinayət törətdilər. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə apardılar və bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqına çevrildi. Onlar Dağlıq Qarabağı tamamilə işğal etdilər, orada olan 30 faizə yaxın Azərbaycan əhalisini qovdular və ermənilərin heç vaxt yaşamadığı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etdilər. Bundan əlavə, bu işğal nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı. Bir milyon nəfər. Həmin vaxt Azərbaycanın əhalisi 8 milyondan bir qədər artıq idi. Bu, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək rəqəmlərdən biri idi", - deyə dövlət başçısı bildirib.

    O, işğal olunmuş ərazilərdəki vəziyyətin beynəlxalq ictimaiyyətə məlum olduğunu deyib:

    "ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Bütün binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər ermənilər tərəfindən dağıdılıb. Onlar Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədərək 613 günahsız insanı qətlə yetirdilər. Onların 100-dən çoxu qadın, 60-dan çoxu uşaq idi. Onlar bizim tarixi və dini abidələrimizi dağıdaraq mədəni irsimizə qarşı soyqırımı törətdilər. Vəziyyət belədir.

    Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir. Onlara qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Onlar hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu. 2016-cı ildə təzyiq yenidən artmağa başlayanda onlar kəndlərimizi atəşə tutmağa başladılar və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi. Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulmuşdur. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır. Hazırda onlar regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edirlər. Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək".

    İlham Əliyev bu gün bu münaqişənin mövcudluğunun regional təhlükəsizliyə və sabitliyə daimi təhlükə olduğunu da qonaqların diqqətinə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi