İlham Əliyev: "Belarusa Qarabağ münaqişəsinin həlli üzrə tutduğu mövqeyə görə minnətdarıq"

İlham Əliyev: "Belarusa Qarabağ münaqişəsinin həlli üzrə tutduğu mövqeyə görə minnətdarıq" "Belarus həmişə beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır"
Qarabağ
29 Noyabr , 2016 00:47
İlham Əliyev: Belarusa Qarabağ münaqişəsinin həlli üzrə tutduğu mövqeyə görə minnətdarıq

Bakı. 29 noyabr. REPORT.AZ/ "Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər. Biz əməkdaşlığın bu səviyyəsini qiymətləndiririk. Bizim aramızda qarşılıqlı hörmətə, rəğbətə, əməkdaşlığa və dəstəyə əsaslanan nadir münasibətlər yaranıb. Bugünkü danışıqlar və fikir mübadilələri bir daha bizim münasibətlərin əsas dəyərini sübut etdi", - deyə ölkə başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi