Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və bu siyasətdən bir millimetr də geri çəkilən deyilik"

    Dövlət başçısı: Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaq

    Bakı. 26 may. REPORT.AZ/ "Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.". 

    "Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib. 

    Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd–şərtsiz çıxarılmalıdır".

    Prezident İ.Əliyev söyləyib ki, beynəlxalq təşkilatların qərar və qətnamələri rəsmi Bakını qane edir: "Bu, münaqişənin həlli üçün hüquqi əsasdır. Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə həm Minsk qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də hesab edirəm ki, müsbət addımdır.

    Eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”a çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi