Yuxarı
    Bağlamaq

    ​İƏT Xarici İşlər Nazirləri Şurası “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamə qəbul edib

    Sənəddə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır

    Bakı. 29 may. REPORT.AZ/ Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının Yekun Bəyannaməsi qəbul edilib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır.

    Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistan üzərinə düşdüyü qeyd olunur.

    Həmçinin qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalın davam etdirilməsinin qarşısının alınması üçün İƏT-in üzv dövlətləri Ermənistana silah satmamağa və bu ölkəyə silah satışı qismində ərazilərindən tranzit dövlət kimi istifadəyə yol verməməyə çağırılırlar.

    “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.

    Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

    Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur.

    Qeyd edək ki, mayın 27-28-də Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi