Yuxarı
    Bağlamaq

    Booking.com Azərbaycanın işğal olunan ərazilərində mehmanxana sifarişlərinin qəbulunu dayandırıb

    Hikmət Hacıyev: “XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək”

    Bakı. 29 iyun. REPORT.AZ/ "Hollandiya ərazisində fəaliyyət göstərən booking.com şirkəti Azərbaycanın işğal olunan ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb".

    Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    "İyunun 2-də verdiyimiz açıqlamamızda bildirilmişdi ki, XİN və Mədəniyyət Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görüləcək, Hollandiyadakı səfirliyimiz tərəfindən booking.com şirkətinə etirazımız çatdırılacaq", - XİN rəsmisi vurğulayıb. 

    O qeyd edib ki, booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunan ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir: "Booking.com-un qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, booking.com tərəfindən bu mövqeyin əksinə olaraq fəaliyyət göstərilib.

    Həmçinin, münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi və bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları və mənəvi dəyərlərlə bir araya sığmır.

    Booking.com şirkətinə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir".

    H.Hacıyev bildirib ki, qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunan ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq.

    O deyib ki, XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi