Yuxarı

Hikmət Hacıyev: Avropa Azad Alyansının qondarma rejimlə hər hansı əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir

Öz müqəddəratını təyin etmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizlmə əsasında ifadə edilə bilməz

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev, Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimdən olan “partiya”nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barəsində məlumata münasibət bildirib.

"Report"un xəbərinə görə, H.Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsasız şəkildə “öz müqəddəratını təyin etmə” donu geyindirilir.

Onun sözlərinə görə, öz müqəddəratını təyin etmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizlmə əsasında ifadə edilə bilməz.

"Ermənistanın işğal və təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb, onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar. II Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşivəsinə talana və məhvə məruz qoyulub", - deyə XİN rəsmisi bildirib.

"İnsan hüquqları və fundamental azadlıqlara sadiqliyini ifadə edən Avropa Azad Alyansının işğal və təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma rejimlə hər hansı bir əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir və elə Avropa Azad Alyansının adına ləkədir. İnsan hüquqları və fundamental azadlıqlardan danışıldığı halda, Avropa Azad Alyansının bu cür davranışı bu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir", - deyə H. Hacıyev əlavə edib.

O bildirib ki, işğal olunmuş ərazilər silah, narkotik maddələr, insan və orqan alveri və terrorçuların hazırlanması üçün münbit ərazidir: "Avropa Azad Alyansı ilk növbədə iddia etdiyi dəyərlərə sadiqliyini nümayiş etdirərək, bu qondarma rejimlə hər hansı bir əlaqədən çəkinməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi