Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib

    “O insanlar amansızcasına qətlə yetirilib”

    Bakı. 26 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 26-da Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

    Bu barədə “Report”a mərkəzdən bildirilib.

    Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamları, heykəltəraşları, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub.

    Anım tədbirində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ictimai-siyasi xadimlər, Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş sakinlər sərgi ilə tanış olublar.

    Sərgidə dünya şöhrətli fransalı heykəltəraş-rəssam, azərbaycanlıların soyqırımına həsr olunmuş 70 əsərin müəllifi olan Reno Vansan Balsanjenin (Renaud Vincent Baltzinger) Xocalı soyqırımına həsr etdiyi “Bəyaz əsər” adlı kompozisiyası da təqdim olunub. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri - qadın və onun ətrafında uşaqlar təsvir olunur. Əsər bir tərəfdən anaya olan sevgi və hörməti, digər tərəfdən isə Vətənə-Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir.

    Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Xocalı faciəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sukutla yad ediblər.

    Anım mərasimində çıxış edən heykəltəraş-rəssam Reno Vansan Balsanje Xocalı hadisələri barədə Fransanın Azərbaycandakı səfirliyində çalışmış qardaşı vasitəsilə xəbər tutduğunu bildirib.

    Onun sözlərinə görə, gözəl Azərbaycanla tanışlığı da məhz qardaşının sayəsində mümkün olub.

    Fransalı sənətkar qeyd edib ki, Xocalı faciəsini daha dərindən araşdırdıqdan sonra öz təəssürat və hisslərini nümayiş olunan əsərdə ifadə edib: "Mən Xocalıda qətlə yetirilən 613 qurbanı xatırlayıram. Onlar alçaq və qorxaqcasına qətlə yetirilib. Bu gün soyqırım qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycana gəlmişəm. Mən Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaratdım. Bu abidəni Azərbaycan xalqına həsr etmişəm".

    Heykəltəraş əlavə edib ki, Xocalı faciəsini əsl kütləvi cinayət adlandırmaq olar. Onun sözlərinə görə, beynəlxalq aləmin bu hadisəyə layiqli qiymətini verməyərək susması qəbuledilməzdir: "O insanlar amansızcasına qətlə yetirilib. Bu gün Daqlıq Qarabaq azad deyilsə, azərbaycanlılar üçün bu vəziyyət qəbul edilə bilməz".

    Daha sonra Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı birləşmələrinin törətdiyi amansızlıqlardan söz açıb.

    O bildirib ki, Xocalı faciəsi zamanı həyat yoldaşı da daxil olmaqla, 74 qohumunu itirib: "Bu gün bu zalda əyləşənlər arasında həmin faciə zamanı ata-anasını itirən 25 nəfər də var. Onların arasında mənim qohumlarım da var. Bu faciə zamanı 26 yaşım olub, ancaq illər ötsə də, bu faciəni, onun dəhşətli izlərini unutmaq olmaz".

    C.Əzizova dövlətin onlara göstərdiyi qayğıdan da razılıq edərək deyib ki, dövlətin göstərdiyi dəstək sayəsində bu gün özünü kimsəsiz saymır.

    Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımda qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets bildirib ki, Xocalı faciəsindən sonra qətlə yetirilmiş insanları öz gözləri ilə görüb və bu dəhşətli anları yaşayıb.

    Faciədən sonra Xocalıya azərbaycanlı jurnalist Cingiz Mustafayevin, xarici jurnalistlərin çəkiliş qruplarını aparmaq üçün səfər etdiyini deyən Leonid Kravets Xocalı faciəsini əsl dəhşət adlandırıb: "Biz çoxlu insan meyitləri gördük. Mülki əhali - qadınlar, qocalar, uşaqlar qətlə yetirilmişdilər. Bu, şok hadisə idi, buna inanmaq çətin idi. Dəhşət o idi ki, mülki insanlar qətlə yetirilmişdi. Onların gecə vaxtı alcaqcasına, vəhşiliklə qətlə yetirilməsi ağlasığmaz idi. Məndən tez-tez soruşurlar ki, həmin vaxt nə hisslər keçirirdin? Şok hisslər. Həmin insanlar üzü Ağdama tərəf qaçırdılar. O insanlar cəmi 2 km məsafəni də qət etsəydilər, bəlkə də sağ qalardılar".

    Xocalını XX əsrin ən böyük faciələrindən biri sayan pilot qeyd edib ki, dünyanın bu hadisəyə qiymət verməməsi çox təəssüfedici haldır: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar özlərini kar, kor, bu barədə məlumatı olmayan kimi aparırlar".

    Daha sonra “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş olunub. Filmdə Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets gördüyü dəhşətləri təsvir edir.

    Tədbirdə “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində 2008-ci ildən etibarən görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır.

    Tədbirdə “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının yeni istifadəyə verilmiş saytının da təqdimatı olub. Qeyd edilib ki, Kampaniyanın saytı Xocalı hadisələri ilə bağlı məlumatların, ilkin mənbəyə əsaslanan tarixi faktların, şahid ifadələrinin, nəşr və kitabların, eləcə də soyqırım zamanı çəkilmiş foto və video materialların toplandığı geniş resurs mənbəyi olmaqla yanaşı, həm də internet istifadəçilərinin kampaniyanın gedişatında iştirakına imkan yaradan interaktiv platformadır.

    Tədbirin sonunda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında Xocalı soyqırımına həsr olunmuş musiqi proqramı təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi