Yuxarı

Hesabat: Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur

Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi (MƏAK İB) tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. "Report" xəbər verir ki, bu barədə birliyin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara qarşı Koalisiyanın dünyanın 20 şəhərində Landmine Monitor Report 2014 hesabatının təqdimatı zamanı bildirilib.

Təşkilatın məlumatına görə, Azərbaycan Respublikası hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir: "Azərbaycanda minaların təmizlənməsi əməliyyatları həyata keçirilir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları aparılır, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görülür, qonşu dövlətlərin müvafiq təşkilatlarının əməkdaşlarına treninqlər keçirilir. Bütün bunlar üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hər il artırılır".

MƏAK İB xüsusilə qeyd edir ki, Azərbaycanın mina qurbanları olmayan elə bir regionu yoxdur : "Atəşkəs müqaviləsi imzalandıqdan sonra da demək olar hər ay vətəndaşlarımızın mina və PHS qurbanı olması qeydə alınır. Bundan başqa, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi