Gürcüstan deputatları ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyirlər - SORĞU

Gürcüstan deputatları ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyirlər - SORĞU "Azərbaycanın torpaqları işğaldan azad olunmalı, insanlar azad və sülh şəraitində yaşamalıdırlar"
Qarabağ
7 İyul , 2017 17:35
Gürcüstan deputatları ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyirlər - SORĞU

Tbilisi. 7 iyul. REPORT.AZ/ Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini iyulun ayının 4-də atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi qonşu Gürcüstanda da qətiyyətlə pislənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan parlamentinin deputatları ermənilərin bu hərəkətini insanlığa qarşı törədilən ən qatı cinayət adlandırıblar.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından seçilmiş deputat Tamaz Naveriani “Report”a müsahibəsində deyib ki, müharibənin də öz qanunları var. Ən qatı müharibələrdə belə uşaqlara, qadınlara, qocalara toxunulmayıb. Atəşkəs dövründə mülki obyektlərin atəşə tutulması, dinc əhalinin, xüsusən də qadınların və uşaqların öldürülməsi heç bir qanuna və ya əxlaqa sığmır: “Mən bunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, dünya birliyi iyulun 4-də cəbhə xəttində baş vermiş hadisələrə kəskin münasibət bildirməlidirlər. Gürcüstanın və Azərbaycanın torpaqları işğaldan azad olunmalı, insanlar azad və sülh şəraitində yaşamalıdırlar”.

Tamaz Naveriani

Deputat Mahir Dərziyev isə deyib ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alıxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri - Allahverdiyeva Sahibə İdris qızının və Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması olduqca kədərləndirir: "Biz bunu qətiyyətlə pisləyirik, bu insanlığa sığmayan cinayətdir. Son hadisələr bir daha sübut edir ki, Ermənistanda terrorun dövlət siyasəti səviyyəsində dəstəklənir. Mülki əhalinin hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini əyani şəkildə nümayiş etdirir".

Mahir Dərziyev

Hakim partiyanın digər deputatı Ruslan Hacıyev ermənilərin təxribatlarını qətiyyətlə pisləyərək deyib: “Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini nəinki yerinə yetirmir, əksinə öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır.

Ruslan Hacıyev

Ermənistanın hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır. Beynəlxalq birlik, xüsusilə BMT və digər beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməli, Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməlidir”.

Gürcüstanın ana müxalifət partiyası olan “Vahid milli hərəkat” partiyasının deputatı Azər Süleymanov da məsələyə öz kəskin münasibətini bildirib. O deyib ki, bu gün, Vətənini, xalqını sevən heç bir şəxs baş verən hadisələrə laqeyd qala bilməz. Mən və bütün Gürcüstan azərbaycanlıları Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasını istəyirik. Dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə dözə bilmərik. Biz, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və torpaqlarımızın azadlığı, ana bacılarımızın ölümündə əli olanların layiqli cəzalarını almaları üçün mübarizəyə hazırıq”.

Azər Süleymanov

Bu gün Gürcüstanın ərazilərinin işğal altında olduğunu vurğulayan deputat deyib: “biz Gürcüstan azərbaycanlıları tarixi Vətənimiz Azərbaycan ilə yanaşı vətəndaşı olduğumuz Gürcüstanın da işğal altında olan torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi