Yuxarı

Fransanın prezidenti: "Qarabağ məsələsinin həlli üzrə danışıqların uğurla bitməsini arzulayıram"

Fransua Olland Ermənistan prezidenti Serj Sarqsyanı oktyabr ayının sonlarında Parisə dəvət edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün oktyabr ayının sonlarında Ermənistan prezidenti Serj Sarqsyanı Parisə dəvət edib. "Report" xəbər verir ki, bu barədə Fransa prezidentinin Ermənistanın Müstəqillik Günü ilə əlaqədar erməni həmkarına ünvanladığı məktubunda deyilir. 

"ATƏT-in Minsk qrupunun həmsədri qismində Fransanın iştirak etdiyi Qarabağ münaqişəsinin həlli üzrə danışıqların yaxın zamanlarda uğurla bitməsini arzulayıram. Bu məqsədlə sizi oktyabr ayının sonlarında Parisdə qəbul etməkdən şad olaram" - F.Ollandın məktubunda qeyd olunub. 

Xatırladaq ki,  bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Paskal Monye "Report"a bildirib ki, Azərbaycan, Ermənistan və Fransa prezidentləri İlham Əliyev, Serj Sarqsyan və Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşü oktyabr ayının sonunda Parisdə keçiriləcək. 

Qeyd edək ki, Azrəbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın son görüşü sentyabr ayının 4-də ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə keçirilib. Daha əvvəl - avqust ayının 9-da qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar İlham Əliyev və Serj Sarqsyan Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi