Fransalı mer: "Beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi qiymət verəcəyinə ümid edirəm"

Fransalı mer: "Beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi qiymət verəcəyinə ümid edirəm" Fransanın Kolmar şəhərində ​Xocalı soyqırımının 26-cı ildönümü yad edilib
Qarabağ
27 Fevral , 2018 14:10
Fransalı mer: Beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi qiymət verəcəyinə ümid edirəm

Paris. 27 fevral. REPORT.AZ/ Fransanın Kolmar şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, tədbir Azərbaycan Dostları Assosiasiyası və Kolmar şəhər meriyasının təşkilatçılığı ilə baş tutub. 

Kolmar şəhərinin meri Jilber Meyer Azərbaycanla illərdən bəri davam edən uğurlu qarşılıqlı münasibətlər, Kolmarla Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası barədə iştirakçılara məlumat verib: "İki şəhər arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub və bu qardaşlaşma Kolmarla Şəki arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verib. Mən ümid edirəm ki, Xocalı faciəsinə beynəlxalq aləmdə hüquqi qiymət veriləcək və Azərbaycanın işğal altındakı torpaqlarında sülh bərqərar olacaq". 

Azərbaycan Dostları Assosiasiyasının sədri, Fransa parlamentinin sabiq üzvü Jan-Fransua Mansel Kolmar şəhərinin merinə minnətdarlığını bildirərək tədbir iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verib: "Azərbaycan tarixinin bu qara səhifəsi hər bir azərbaycanlının yaddaşında həkk olunub. Mən hər kəsi Xocalını unutmamağa çağırıram".

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb:  "Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz bütün zəruri addımları atır. Fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazılıb və 26 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq. İnanıram ki Xocalı qətliamının təqsirkarları haqlı cəzalarına çatacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq".

Tədbir skripkaçı Nəzrin Rəşidova və klarnet ifaçısı Səddam Novruzbəyovun müşayiəti ilə "Chagall" kvartetinin ifasında Azərbaycan və xarici bəstəkarların klassik musiqisindən ibarət konsertlə davam edib. Məşhur fransız bəstəkarı Pier Tilluaanın bəstələdiyi Xocalı soyqırımına həsr olunan "Xocalı 613" kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanib. 

Son xəbərlər

Orphus sistemi