Yuxarı
    Bağlamaq

    Fələstin səfirliyi 2 yaşlı Zəhra və onun nənəsinin qətlə yetirilməsi ilə bağlı başsağlığı verib

    Allahdan hər ikisinin ruhuna rəhmət və cənnətdə olmalarını arzulayırıq

    Bakı. 7 iyul. REPORT.AZ/ Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

    Diplomatik missiyadan "Report"a verilən məlumata görə, səfirlik ermənilərin açdığı atəşlər nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsinin ailəsinə səmimi başsağlığını bildirir.

    "Allahdan hər ikisinin ruhuna rəhmət və cənnətdə olmalarını arzulayırıq", - məlumatda deyilir.

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

    Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi