Bakı. 27 fevral. REPORT.AZ/ Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq bildirilib.
"Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib. Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir", - nazirlikdən vurğulanıb.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.