Bakı. 8 aprel. REPORT.AZ/ Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıların yerləşdirilməsinə qarşı deyil.
"Report" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan "Deutsche Welle"yə müsahibəsi zamanı "nə üçün erməni tərəfi qoşunların təmas xəttinə, misal üçün rusiyalı sülhməramlıların yerləşdirilməsini istəmir?" sualına cavab verərkən bildirib.
"Biz bu münaqişənin hərtərəfli nizamlanmasını, o cümlədən iki tərəf arasında sülhməramlıların olmasını nəzərdə tutan müvafiq sənədin imzalanmasına hazır olduğumuzu göstərmişik", - deyə o bildirib.
"Biz heç vaxt buna qarşı çıxmamışıq, lakin hesab edirik ki, bu münaqişə bütövlükdə və birdəfəlik həll olunmalıdır", - deyə Sarqsyan əlavə edib.
Erməni prezident Dağlıq Qarabağ münaqişəsinin optimal şəkildə həlli formatı kimi ATƏT-in Minsk qrupunu göstərib.