Yuxarı

​Ermənilərin Xocalıda soyqırım törətməsindən 24 il ötür

Kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub

Bakı. 26 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 24 il ötür.

“Report” xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın 20 ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi