Yuxarı

Erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin durumu müzakirə edilib

Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb

Bakı. 9 iyul. REPORT.AZ/ Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranı qəbul edib.

"Report"un məlumatına görə, görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhə xətti boyunca həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycandakı fəaliyyətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirən D.Duran bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Qəbulda, həmçinin Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilərin girov götürdüyü, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsinin qərarı ilə" barələrində "hökm" çıxarılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ müzakirə edilib, onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb. İşğalçı ölkənin bununla bağlı tutduğu mövqe Ermənistanın beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi