Yuxarı
    Bağlamaq

    Ermənistan Karen Petrosyanın ölüm səbəblərini araşdırmaq üçün müstəqil ekspertiza tələb edib

    Ermənistan tərəfi Azərbaycanda ölən erməni təxribatçının nəşinin qaytarılması üçün dəyişdirmə ehtimalını istisna etmir

    Bakı. 20 avqust. REPORT.AZ/ Ermənistanın əsirlər, girovlar və itkin düşənlərin işi üzrə komissiyası Azərbaycanda ölən erməni təxribatçı Karen Petrosyanın ölüm səbəblərini araşdırmaq üçün beynəlxalq ekspertlərin də iştirak edəcəyi müstəqil ekspertizanın aparılmasını rəsmi olaraq tələb edib. Report-un Armenpress-ə istinadən verdiyi xəbərə görə, bu barədə əsirlər, girovlar və itkin düşənlərin işi üzrə komissiyası işçi qrupunun rəhbəri Armen Kapriyelyan bildirib. 

    Onun sözlərinə görə, Azərbaycan tərəfi K.Petrosyanın meyitinin qaytarılması ilə bağlı məsələyə hələ bir reaksiya bildirməyib. A.Kapriyelyan qeyd edib ki, erməni tərəfi Petrosyanın nəşinin qeyd-şərtsiz qaytarılması məsələsini qaldırıb, lakin "dəyişdirmə ehtimalını istisna etmir".

    Qeyd edək ki, avqustun 7-də təxribat-kəşfiyyat qrupu Tovuz rayonu ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi üzrə əməliyyat zamanı qrupun 4 üzvü öldürülüb. Qrupun daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini 1989-cu il təvəllüdlü Karen Petrosyan Azərbaycan ordusunun əsgərləri tərəfindən tutulub. Səhəri gün K.Petrosyan qəflətən ölüb. İlkin ehtimallara görə, Petrosyanın ölümünə kəskin ürək-damar çatışmazlığı səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi