Yuxarı

Elmar Məmmədyarov: Həmsədrlər azərbaycanlı əsirlərin qanunsuz məhkəmə məsələsi ilə məşğul olacaqlar

Məsələ ATƏT-in Minsk qrupunun Bakıya səfəri çərçivəsində müzakirə olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qanunsuz məhkəmə məsələsi ilə məşğul olacaqlar.

"Report" xəbər verir ki, bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, məsələ bu yaxınlarda ATƏT-in Minsk qrupu üzvlərinin Prezident İlham Əliyevlə görüş zamanı müzakirə olunub.

E.Məmmədyarov, həmçinin vurğulayıb ki, vasitəçilərlə görüş zamanı o da bu məsələyə toxunub. "Azərbaycan XİN hadisələri yaxından izləyir" -  deyə, nazir bildirib. 

Xatırladaq ki, iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev bu ilin yayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əsir götürülüblər. 
Ermənistan KİV-nin məlumatına görə, oktyabr ayında Xankəndidə D.Əsgərov və Ş.Quliyev barəsində "məhkəmə prosesi" başladılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi