Yuxarı
    Bağlamaq

    Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb

    Elmar Məmmədyarov: Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalıdır

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

    E.Məmmədyarov Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib. Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu bildirib. Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasında təmaslara imkan vermədiyi diqqətə çatdırılıb.

    Azərbaycanlı nazir bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.

    Nazir tərəfindən qeyd olunub ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Lakin danışıqların nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaqdır.

    İşğalçı və təcavüzkar dövlət kimi atılacaq hər hansı addımın bütün məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi