Yuxarı

​Əli Həsənov: “Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmayıb”

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın yeni perspektivləri müzakirə edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının sosial inkişaf üzrə sektor müdiri Nina Bhattın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran baş nazirin müavini Əli Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. O qeyd edib ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkənin günü-gündən artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Həyat şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Bütün bunları müsbət hal kimi dəyərləndirən baş nazirin müavini Əli Həsənov həmçinin onu da diqqətə çatdırıb ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulayıb.

Görüşdə baş nazirin müavini Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında geniş məlumat verib.

Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini vurğulayıb, son günlər Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnaməsinə və Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasındakı sərsəm çıxışına kəskin etirazını bildirib.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Nina Bhatt Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirən qonaq məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi