Azərbaycan Prezidentinin köməkçisi: "Ərazi iddialarına rəvac vermək olmaz"

Azərbaycan Prezidentinin köməkçisi: "Ərazi iddialarına rəvac vermək olmaz" "Beynəlxalq ictimaiyyət münaqişələrin həllinə dair eyni standartlardan çıxış etsəydi, bu gün münaqişələrin bir çoxu mövcud olmazdı"
Qarabağ
28 Aprel , 2015 20:15
Azərbaycan Prezidentinin köməkçisi: Ərazi iddialarına rəvac vermək olmaz

İlk xəbər saat 18:47-də dərc olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət münaqişələrin həllinə dair eyni standartlardan çıxış etsəydi, bu gün münaqişələrin bir çoxu mövcud olmazdı. "Report" xəbər verir ki, bunu III Qlobal Bakı Forumunun "Barışıq" panelində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. 

O qeyd edib ki, insanlıq yaranandan, dövlətlər mövcud olandan münaqişələr də mövcud olub: "XV əsrə qədər tarixdə böyük milli-dini imperiyalar yaratmaq fonunda münaqişələr yaşanıb. Qədim İslam xilafəti, qədim Hun İmperiyası, Böyük Moğol İmperiyası, Roma İmperiyası və onların hər birinin yaranması prosesi müvafiq olaraq münaqişələrlə müşayiət olunub. Bu və ya digər sivilizasiyaları yaymaq, dünyada yeni-yeni əraziləri ələ keçirmək uğrunda mübarizə aparılıb və həmin mübarizə aparanlara qarşı digər əks tədbirlər görülərək münaqişələr yaranıb. Biz islam sivilizasiyasının yayılması fonunda dünyada yaşanan münaqişələrin də şahidi olmuşuq. İslama qarşı Avropada səlib yürüşlərinin keçirilməsinin də şahidi olmuşuq. Bu münaqişələrin hər birinin təsnifatı müvafiq standartlar üzrə aparılıb və hər birində də fərqli və ümumi yanaşmalar mövcuddur. Münaqişələrin səbəbləri haqqında son zamanlar tarixçilər, siyasətşünaslar ciddi müzakirələr aparıblar. Bunların fərqli səbəbləri var. İlk növbədə maraq toqquşması, qarşı-qarşıya gələn tərəflərin fərqli maraqları, yaxud qarşı duran tərəflərin arxasında dayanan qlobal güclərin məsələyə müdaxiləsi, geosiyasi maraqlar, dini dözümsüzlük, milli-etnik qarşıdurmalar, ərazi iddiaları və s. Münaqişələri lokal, regional və beynəlxalq olmaqla təsnif etmək olar. Lokal münaqişələr bir ölkənin daxilində etnik, dini zəmində və ya sosial sinfi zəmində baş verən münaqişələr, yaxud iki ölkənin cəlb olunduğu milli və dövlət maraqları zəminində toqquşan dövlətlər arasında münaqişələrdir. Regional münaqişələr bir regionu əhatə edən və bir neçə region dövlətinin, regionda yaşayan xalqların, etnik, dini, milli qrupların cəlb olunduğu münaqişələrdir. Məsələn, hazırda Azərbaycan həmin regional münaqişələrin içərisindədir. Cənubi Qafqaz regionunda bütün münaqişələrin təməlində nə dayanır, onların səbəbləri haqqında da məlumat verəcəyəm". 

Əli Həsənov vurğulayıb ki, məhz ikili standartlar səbəbindən Azərbaycan-Ermənistan münaqişəsi hələ də davam edir: "Azərbaycanın torpaqları ermənilər tərəfindən işğal olunub və hələ də işğal altındadır. Ərazi iddialarına rəvac vermək olmaz. BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasına prinsipal mövqe nümayiş olunmalıdır. Hələ 1992-ci ildə Azərbaycan və sülhsevər dünya ictimaiyyəti 4 dəfə toplandı və Ermənistan əleyhinə qətnamələr qəbul edildi. BMT-nin tələbləri işğal altındakı torpaqların azad olunması və bundan sonra tərəflər arasında sülh razılaşması üzrə danışıqların başlanması idi. Bu məqsədlə də ATƏT-in Minsk Qrupu İnstitutu yaradıldı. Ancaq Avropada və dünyada cərəyan edən ikili standartlar nəticəsində qətnamələrin icrası həyata keçirilmədi. Həyata keçmədiyinə görə Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya, Cənubi Osetiya münaqişəsi Gürcüstanın ərazi bütövlüyünə təsir etdi. Bundan ruhlanan Predmestroviya - Qaqauz problemi Moldavanın ərazi bütövlüyünə təsir etdi. Bundan ruhlanan digər ərazilər də, o cümlədən Rusiyanın öz ərazilərində - Çeçenistanda, Dağıstanda və digər ərazilərdə etnik münaqişələr başlandı. Mərkəzdən qaçma tendensiyaları gücləndi. Biz bir daha dünyaya xəbərdarlıq etməyə çalışdıq ki, bu məsələlərə prinsipial yanaşmaq lazımdır. Lakin təəssüflər olsun ki, nə BMT bu məsələlərdə öz qərarlarının icrası ilə bağlı prinsipial addımlar atdı, nə onun Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin qarşısını aldı, nə də ki, bu münaqişəyə son qoydu. Nəticədə Ukrayna böhranı baş verdi. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxaql aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət bəsləyib Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış etməklə beynəlxalq hüquq normalarını bərqərar etsəydi, bəlkə bu gün Ukrayna məsələsi də olmazdı". 

O deyib ki, müasir dünyada münaqişələrin həll olunmamasının bir səbəbi də beynəlxalq hüquq normalarının pozulmasıdır: "1992-ci ildən bəri BMT-nin Dağlıq Qarabağ haqqında qətnamələri havadan asılı qaldığı halda, bir günün içərisində Kuveyt torpaqlarını işğal etmiş İran bu ərazidən vurub çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və Liviya bombalandı. Bir gün ərzində Misirə və Yuqoslaviyaya ordu yeridildi, bir gün ərzində Serbiya bombalandı. Söhbət ondan gedir ki, beynəlxalq qüvvələr onlara sərf edəndə onun təmin edilməsi üçün hərəkətə keçirlər, amma onlara sərf etməyəndə geosiyasi maraqlar çərçivəsində oynayırlar. Bunun nəticəsi olaraq da Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb və bərqərar olmayınca da dünyada bu münaqişələr davam edəcək". 

Əli Həsənov bildirib ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgəyaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub: "Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi islam və xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq hər iki dinə, hər iki sivilizasiyaya burada gözəl meydan verib. Bu gün Azərbaycanda həyata keçirilən bu sahədəki siyasət dünyada təqdir olunur. Lakin təəssüflər olsun ki, ermənilər özlərinin etnik istisnalıq siyasətini təqdim edərək Ermənistanda bir nəfər də olsun başqa xalqların, millətlərin nümayəndəsini qoymayıblar. Ermənistanda ermənidən başqa xalq yaşamır. Ermənistan ərazilərindən son 20 il ərzində 250 min nəfər azərbaycanlı qovulub. Bax bunun nəticəsi olaraq bu gün dünyanı, xalqları, insanları bu münaqişələrlə təhdid edib və hələ də bütün bunların sonu yoxdur".

Son xəbərlər

Orphus sistemi