Yuxarı
    Bağlamaq

    Əli Əhmədov: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin"

    Dinlə
    Qaçqın və məcburi köçkün probleminin olması dünyada ədalətin pozulması deməkdir
    © Report — Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov

    Bakı. 20 iyun. REPORT.AZ/ "Qaçqın və məcburi köçkün probleminin olması dünyada ədalətin pozulması deməkdir".

    "Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbirdə deyib.

    O bildirib ki, 30 il bundan əvvəl Azərbaycanın həyatını kökündən dəyişən qaçqınlıq və məcburi köçkünlük problemi indi bütün dünyada var: "Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Dünyada isə hazırda qaçqınların sayı 68 milyondan çoxdur. Azərbaycanın yaşadığı ağrılara lazımi diqqətin olmaması səbəbindən bu problem indi bütün dünyanı silkələməyə qadir problemə çevrilib"

    Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda hər on nəfərdən biri məcburi köçkün və qaçqın vəziyyətindədir: "Azərbaycandakı problemin ağırlığı dünyadakı vəziyyətdən ağırdır". 

    Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı dövlətlər qaçqınlar probleminin həll olunması üçün yardımlar göstərirlər: "Dünyanın bütün beynəlxalq qurumlarının diqqət və qayğısı ondan ibarət olmalıdır ki, qaçqınlığı yaradan səbəb aradan qaldırılsın".

    Baş nazirin müavini bildirib ki, qaçqının həyatı yaxşı ola bilməz, onun yaşayış şəraiti düzələ bilər, amma qaçqınlıq qaçqınlıqdır, nə qədər o öz evi qayıtmayıb, ömrünün sonuna qədər mənəvi acını çəkəcək: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. Əgər biz, həqiqətən, ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Əks halda, bütün dünyada bu problemlər dərinləşəcək. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi