Yuxarı

Eldar Səmədov: "Hazırda 3 801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

Bunlardan 3 094 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasının birgə təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarbağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açıb.

Konfransda daha sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxış edərək bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşməsi, əsir və girov götürülməsi müəyyən olunub: "1 435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub. Hazırda Dövlət Komissiyasında 3 801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bunlardan 3 094 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub”.

Dövlət Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan gəncliyinə müraciət edib, onları aktiv olmağa səsləyib: “Dağlıq Qarabağ münaqişəsində müsəlman-xristian amili də öz rolunu oynayır. Ermənilər yalan məlumatlar düzəltməkdə ustadırlar. Onların yalanlarını ifşa edə bilməyiniz üçün həqiqətləri bilməyiniz vacibdir”.

Dövlət Komissiyasının digər üzvü, millət vəkili Çingiz Qənizadə bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı cinayəti törədən qınanmalıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Gəray Fərhadov vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən bu günə kimi 49 min ailə, 243 min nəfər məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Onun sözlərinə görə, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və onların da yaxın zamanlarda mənzil şəraiti yaxşılaşdırılacaq: "Ötən il 1 məcburi köçkünə 840 manat vəsait xərclənib. Ümumilikdə isə indiyədək məcburi köçkünlərə 5,4 milyard manat vəsait xərclənib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi