Ekspertlər: "ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasının icrasını dayandırıb"

Ekspertlər: "ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasının icrasını dayandırıb" Politoloqlar ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində rolu haqqında fikir bildiriblər
Qarabağ
10 Fevral , 2015 15:32
Ekspertlər: ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasının icrasını dayandırıb

Bakı. 10 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir töhfə vermir. "Report" xəbər verir ki, bunu Azərbaycan ekspertləri və politoloqları bildirib. 

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT MQ həmsədr üzvlərinin maraqlarının girovuna çevrilib", - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan Humanitar Tədqiqatlar Cəmiyyəti tərəfindən təşkil olunan dəyirmi masada qeyd edib. 

O, ATƏT MQ-nin fəaliyyətinin obyektivliyi ilə bağlı şübhələrini də dilə gətirib: "Hesab edirəm ki, ATƏT MQ-nin Nizamnaməsi və tərkibi dəyişdirilməlidir. Fikrimcə, qrup münaqişənin həllində Azərbaycanın hüquqlarını tam təmin etmir".

MQ tərkibinin dəyişdirilməsi mövzusuna toxunan politoloq vurğulayıb ki, Türkiyənin qrupa daxil edilməsi məsələsi çox çətindir. O, həmçinin qeyd edib ki, Türkiyə vasitəçi kimi çıxış edərsə, müharibə başladığı zaman Azərbaycana yardım edə bilməyəcək. 

Almaniyanın missiyanın tərkibinə daxil edilməsi məsələsinə toxunaraq, Mərkəzin direktoru bildirib ki, Azərbaycan Almaniyanın daxil edilməsinə və münaqişənin həllində vasitəçi rolunun gücləndirilməsinə çalışır. 

Öz növbəsində ekspert, politoloq İlqar Vəlizadə qeyd edib ki, ATƏT MQ-nin rolu dəyişib. "Onlar yaranan vəziyyətin moderatorları və menecerləri kimi çıxış etməyə başlayıblar. Vasitəçilərin əsas məqsədi mümkün müharibə şanslarının azaldılmasıdır. Təbii ki, həmsədrlər dünya dövlətlərinin maraqlarını təmsil edir və paritetlərin qorunmasının tərəfdarıdır", - ekspert vurğulayıb.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qeyd edib ki, ATƏT MQ-nin missiyası şişirdilib: "Onların bəyanatlarının heç bir əhəmiyyəti yoxdur". O əlavə edib ki, Minsk qrupunun fəaliyyəti dövründə ciddi irəliləyiş əldə olunmayıb. 

Politoloq vurğulayıb ki, missiyanın tərkibinə yeni üzvlərin daxil edilməsi heç nəyi dəyişdirməyəcək. "Bizə hər hansı bir müzakirə və ya münaqişənin real həlli lazımdır?" - depitat söyləyib və əlavə edib ki, son zamanlar ATƏT MQ münaqişənin həlli ilə bağlı heç bir layihə təklif etməyib. 

Türkiyə və Almaniyanın ATƏT MQ həmsədrləri tərkibinə daxil edilməsi ehtimalı haqqında danışan ekspert belə bir təklif verib ki, Almaniya Minsk Konfransının keçirilməsi təşəbbüsü ilə çıxış etsin və həmin konfransda ölkələr münaqişəyə öz prinsipial mövqeyini ifadə etsinlər. 

"Türkiyə münaqişənin həlli üçün Fransa və Rusiya ilə münasibətlərindən istifadə edə bilər. Lakin Türkiyə həmsədr olarsa, o zaman ondan Ermənistanla diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması tələb olunacaq, ki münaqişənin həlli məsələsində öz neytrallığını göstərsin", - R.Musabəyov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi