Efiopiyada Xocalı soyqırımının 26-cı ildönümü yad edilib

Efiopiyada Xocalı soyqırımının 26-cı ildönümü yad edilib Dövlət Qulluğu Universitetində “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib
Qarabağ
28 Fevral , 2018 13:03
Efiopiyada Xocalı soyqırımının 26-cı ildönümü yad edilib

Bakı. 28 fevral. REPORT.AZ/ Efiopiyanın Dövlət Qulluğu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin magistratura və doktorantura üzrə təhsil alan tələbələri, müəllimlər və professorlar iştirak ediblər.

Tədbir səfir Elman Abdullayev açaraq Xocalı soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım törətdiklərini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı günahsız 613 azərbaycanlının vəhşicəsinə və amansızcasına qətlə yetirildiyini və onlardan 106 nəfərin qadın, 63 azyaşlı uşaq, 70 qocanın olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmçinin artıq 16 ölkənin və ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını bildirib. 

E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayaraq Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirmədiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini söyləyib. Səfir Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirib, bu əməlinə görə hazırkı cinayətkar Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyət qarşısında cavab verməli olduğunu vurğulayıb. E.Abdullayev dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.

Tədbir zamanı ali təhsil müəssisəsinin tələbə və müəllim heyətinə Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. Filmdə həmçinin tədqiqatçı alimlərin araşdırmalarına, tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, jurnalist rəylərinə yer verilir. Eyni zamanda filmdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərdən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniyanın oynadığı mühüm roldan bəhs olunur.

Son xəbərlər

Orphus sistemi