Yuxarı
    Bağlamaq

    DTX rəisi: “Düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxıb”

    Mədət Quliyev: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını ədalətlə deyil, ətalətlə yerinə yetirib”

    Bakı. 25 iyun. REPORT.AZ/ “Düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxıb, beynəlxalq ictimaiyyət, xüsusən, vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortya qoyduğunu görərək təcili hərəkətə gəliblər”.

    “Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev26 iyun-Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə yazdığı məqalədə bildirib.

    DTX rəisi vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycanın müharibə vəziyyətində olması dövləti, haqlı olaraq, öz ordusunun gücünü, əsgər və zabitlərinin peşəkarlıq səviyyəsini durmadan artırmağa, hərbi qüdrətini yüksəltməyə sövq edir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmləndirilməsi və güclü ordunun yaradılması həm dövlətimiz, həm də hər bir vətəndaşımız üçün ən ümdə vəzifədir. Dövlətimizin başçısı demişdir: “Bu gün Ermənistan ilə Azərbaycan arasında güc tarazlığı artıq mövcud deyildir. Bu, istənilən sahədə belədir. Əgər iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa, təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də böyükdür”. Ali Baş Komandanın daim bəyan etdiyi kimi, biz öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hər an hazır olmalıyıq və Azərbaycan dövləti bunun üçün bütün imkanlardan maksimum dərəcədə istifadə edir".

    M.Quliyev məaqləsində bildirib ki, təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daim təxribat törətmək planları qurur, cəbhəboyu ərazilərdə dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verirlər: "Məhz belə hərəkətlər nəticəsində 2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirmişdir”.

    M.Quliyev qeyd edib ki, aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür: "İlk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarmışlar. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilmişdir ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxmışdır. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirmişdir.
    Məlum olduğu kimi, bu uğurlu hərbi əməliyyatın nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilmiş, ordumuz hətta bundan bir neçə dəfə böyük ərazini tam nəzarətə götürməyə müvəffəq olmuşdur. Əsgər, gizir və zabitlərimizin şücaəti Azərbaycan cəmiyyətindəki vətənpərvərlik ruhunu coşdurmuş, Ermənistan əhalisini və işğalçı qüvvələri dərin psixoloji sarsıntıya məruz qoymuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı konkret addımların atılmasının vaxtı çatmışdır, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcəkdir. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev həm müdrik rəhbər, həm istedadlı sərkərdə, həm də vətənpərvər bir azərbaycanlı kimi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz xidmətlər göstərir və onun fədakarlığı, qətiyyəti, əzmkarlığı tezliklə qalibiyyətlə nəticələnəcəkdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi