Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsinin sədri: "Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur"

    Bakı. 29 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, Mədəniyyət və Mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputat Nikolas Löbel ilə görüşüb.

    Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

    R.Rzayev Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və iki ölkə arasında geniş əməkdaşlığın olduğunu ifadə edib. O, bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Almaniya Federativ Respublikası hökumətinə təşəkkürünü bildirib.

    Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir. İndiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 98 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 300 min nəfərə yaxın məcburi köçkün bu qəsəbələrə köçürülüb.

    Dövlət Komitəsinin sədri Azərbaycan prezidenti İlham Əliyevin səyləri, gərgin əməyi və qətiyyətli mövqeyi nəticəsində bu gün rəsmi açılışı olan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir.

    Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkədəki qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində aparılan işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur.

    Səmimi görüşə görə minnətdarlığını bildirən Nikolas Löbel Azərbaycan hökumətinin ölkədəki alman irsinə xüsusi diqqət göstərdiyini vurğulayıb və Almaniyanın bunu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu ifadə edib. Qonaq Azərbaycandakı multikultural və tolerant mühitin şahidi olduğunu qeyd edib. O bildirib ki, bu mühit digər ölkələr üçün də örnək olmalıdır. Bu münasibət Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir.

    Deputat Azərbaycanı Almaniya üçün Şərqin qapısı adlandırıb. O, Almaniyanın Avropa dəyərlərinə inteqrasiya edən Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

    Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi