Yuxarı
    Bağlamaq

    Dövlət Dəniz Administrasiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

    Qüdrət Qurbanov: Xocalıda misli görünməyən qırğın törədilib

    Bakı. 25 fevral. REPORT.AZ/ Dövlət Dəniz Administrasiyasında (DDA) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Faciə qurbanlarının xatirəsi ehtiramla anılaraq, həmin dövrdə baş verənlərə bir daha nəzər yetirilib.

    "Report" xəbər verir ki, DDA-nın rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, erməni təcavüzkarları Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər: "Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan edib. Misli görünməyən qırğın törədilib. Xocalıda törədilən kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib".

    Tədbirdə bildirilib ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü elan edib.

    Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

    Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində təşkil olunan sərgilər, keçirilən anım mərasimləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasıXocalı soyqırımına dair həqiqətlərin dünyada tanıdılmasında mühim rola malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi