MM-in deputatı: "Həmsədrlər işğal altındakı ərazilərə Azərbaycandan getməlidir"

MM-in deputatı: "Həmsədrlər işğal altındakı ərazilərə Azərbaycandan getməlidir" Onlar işğal edilən ərazilərə Ermənistandan səfər etməklə sülhə və qarşılıqlı etimada ağır zərbə vururlar
Qarabağ
16 Dekabr , 2014 18:31
MM-in deputatı: Həmsədrlər işğal altındakı ərazilərə Azərbaycandan getməlidir

Bakı. 16 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri erməni separatçılarının işğalı altındakı ərazilərə Ermənistandan səfər etməklə sülhə və qarşılıqlı etimada ağır zərbə vururlar". "Report" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, ABŞ Dağlıq Qarabağı işğal altında saxlayan separatçı rejimə hər il maliyyə yardımı ayırır: “Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın formada qeyd olunub ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimi maliyyələşdirir. Bu kimi hallar sülh danışıqlarını dalana dirəyib. Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri hər zaman qeyd edirlər ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır. Lakin nədənsə özləri bu istiqamətdə heç bir iş görmür, əksinə, vəziyyəti daha da qəlizləşdirir və işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər. Odur ki, bu vəziyyəti aradan qaldırmaq lazımdır.

1990-cı illərin sonlarında ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə işğal olunmuş ərazilərə səfər Ağdam rayonu ərazisindən olmuşdu. Yəni, Azərbaycanın işğal altında olmayan ərazisindən işğal altındakı ərazilərə getdilər və geri qayıtdılar. Bu, qarşılıqlı etimadın yaradılması və sülhün əldə olunması üçün ən effektiv metoddur. Niyə onlara demirik ki, Azərbaycanın işğal olunmuş ərazisinə Ermənistandan deyil, məhz Azərbaycan ərazisindən getməlisiniz? Gəlsinlər bura, sonra da işğal altındakı ərazilərə getsinlər, görüşsünlər, danışıqlar aparsınlar və Azərbaycan ərazisi ilə geri qayıtsınlar. Hətta Azərbaycan nümayəndələri də onlarla birlikdə getsinlər. Bunun nəticəsində də tərəflər arasında etimad yaransın. Əgər onlar bunu etməyib Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan səfər edirlərsə, o zaman bu, qarşılıqlı etimada vurulan ən ağır və ciddi zərbədir. Ona görə də Minsk qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini Azərbaycadan başlasınlar, buradan da işğal altındakı Füzuliyə, Ağdama, Xankəndinə getsinlər, danışıqlar aparıb geri qayıtsınlar", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi