Yuxarı

Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamı dindirilib

German Sterliqov: Azərbaycanın mənə qarşı irəli sürdüyü ittihamlar əsasında suallar verdilər

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən rusiyalı iş adamı German Sterliqov Rusiyanın İstintaq Komitəsində dindirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə German Sterliqovun özü məlumat verib. 

O qeyd edib ki, bu yaxınlarda İstintaq Komitəsinə çağırılıb: "Orada komitənin iki əməkdaşı məni dindirdi. Azərbaycanın mənə qarşı irəli sürdüyü ittihamlar əsasında suallar verdilər".

G.Sterliqovun sözlərinə görə, İstintaq Komitəsinin müstəntiqləri ona Azərbaycana təhvil verilməyəcəyini deyiblər: "Rusiya öz vətəndaşlarını ələ vermir".

Qeyd edək ki, "German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri 2015-ci il 4 iyul tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan Respublikasının ərazisinə daxil olub. Azərbaycanın Baş Prokurorluğu German Sterliqova qarşı dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə ittihamı irəli sürüb. Həmin ittihamlara əsasən, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi onun barəsində dövlətlərarası axtarış elan edib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu bir neçə ay əvvəl German Sterliqovun dindirilməsi üçün Moskvaya səfər etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi