Yuxarı

​Aİ komissarı: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

Yohannes Han: Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqların həm də prezidentlər səviyyəsində davam etdirilməsini dəstəkləyir

Bakı. 18 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda ATƏT-in Minsk qrupu formatını dəstəkləyir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, status-kvo qəbuledilməzdir və danışıqların əsas məqsədi dinc yolla tənzimlənməyə nail olmaqdır.

"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqların həm də prezidentlər səviyyəsində davam etdirilməsini dəstəkləyir", - o vurğulayıb.

Aİ-nin komissarı tərəfləri atəşkəs rejiminə hörmət etməyə, addım və fəaliyyətlərində dözümlü olmağa, münaqişənin tənzimlənməsi üçün vacib olan mühiti yaratmağa çağırıb.

Xatırladaq ki, Y.Han "Avronest"in İrəvanda keçirilən 4-cü plenar sessiyasında iştirak etmək üçün Ermənistana səfər edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi