"Atlas" Araşdırmalar Mərkəzi: "Fransa Cənubi Qafqazda təşəbbüsü Rusiyadan ala bilər"

"Atlas" Araşdırmalar Mərkəzi: "Fransa Cənubi Qafqazda təşəbbüsü Rusiyadan ala bilər" Rusiyanın təxminən 7 ildir davam edən təkbaşına vasitəçilik missiyası başa çatdı
Qarabağ
25 Dekabr , 2014 16:15
Atlas Araşdırmalar Mərkəzi: Fransa Cənubi Qafqazda təşəbbüsü Rusiyadan ala bilər

Bakı. 25 dekabr. REPORT.AZ/ "Atlas" Araşdırmalar Mərkəzi "Dağlıq Qarabağ: 2014-cü ilin yekunu" mövzusunda mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, mərkəzin sədri Elxan Şahinoğlu mövzu ilə bağlı çıxışında deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan yanvarın 24-də Parisdə bir araya gəldilər, görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşmiş, atəşkəs intensiv şəkildə pozulmuşdu: "Atəşkəsin pozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə əksinə Azərbaycanı ittiham edirdi".

Politoloq deyib ki, yanvar ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi Azərbaycanla Ermənistan arasında informasiya və kiber hücumları da gücləndirdi, saytlara yenə qarşılıqlı haker hücumları qeydə alındı".

Mərkəzin sədri xatırladıb ki, Minsk qrupu həmsədrlərinin ilin əvvəlində bölgəyə növbəti səfər etdilər: "Azərbaycan Fransa ilə iqtisadi və humanitar sahədə əməkdaşlığını genişləndirir. Azərbaycan bu gedişlə Fransanın Cənubi Qafqazda əsas partnyoruna çevrilir. Müqayisə üçün deyək ki, Fransua Ollandın başçılığı ilə Fransa nümayəndə heyəti Bakıda bir neçə ciddi iqtisadi sazişə imza atarkən Yerevanda oxşar imzalanma mərasimi baş vermədi. Çünki Ermənistanın iqtisadi durumu buna imkan vermir".

E.Şahinoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 16-19-də etdiyi səfərin yekunlarıyla bağlı verdiyi bəyanat rəsmi Bakının siyasəti ilə üst-üstə düşmürdü: "Məsələn, rəsmi Bakı hər zaman vurğulayır ki, Yerevan işğal altındakı torpaqlarda məskunlaşma siyasəti aparır. Həmsədrlər isə bəyanatda qeyd ediblər ki, Kəlbəcər və Laçında apardıqları monitorinq zamanı əhalinin sayının dəyişməsini müşahidə etməyiblər".

Politoloq eyni zamanda vurğulayıb ki, həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə də çıxış edirlər: "Tərəflər işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər. Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə təmas saxlamağı doğru saymır. Rəsmi Bakı yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağla danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma olsa, Yerevan bu faktoru Bakının faktiki olaraq "Dağlıq Qarabağın rəhbərliyi"ni tanıması kimi tədqim edəcək".

Mərkəzin sədri bildirib ki, Prezident İlham Əliyev Soçidə üçtərəfli görüşdə Dağlıq Qarabağda saxlanılan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğunu xatırlatdı: "Digər tərəfdən, həmin girov götürülən şəxslərin qohumları da Putinə məktub yazmışdılar. Ancaq Putin bu mövzuya heç toxunmadı. Putinin Soçi görüşündə yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət edəcəklərinə razı salmaq idi. Rusiya prezidentinin görüşdə “Dağlıq Qarabağ münaqişəsi SSRİ-dən bizə miras qalıb” sözləri isə ondan xəbər verirdi ki, Kreml tərəflərə nəticə yox, uzun-uzadı danışıqlar vəd edir".

Onun sözlərin görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın təxminən 7 ildir davam edən təkbaşına vasitəçilik missiyası başa çatdı: "Prosesə yenidən Fransa qoşuldu. Azərbaycan və Ermənistan prezidentləri oktyabrın sonunda Parisdə bir araya gəldilər. Bu, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü vasitəçilik cəhdi idi. Bundan əvvəl 1999 və 2006-cı illərdə Fransa ərazisində görüşlər təşkil olunmuş və nəticəsiz qalmışdı. Bu görüş də faktiki nəticəsiz qaldı".

E.Şahinoğlu deyib ki, Azərbaycan Ordusunun noyabrın 12-də Qarabağ səmasında Ermənistana məxsus hərbi helikopteri vurması 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra ilk ciddi insident idi: "Ermənistanın hərbi helikopterləri ilk dəfə deyildi ki, Azərbaycan ərazisini keçərək işğal altındakı Ağdam rayonu üzərində uçuşlar həyata keçirirdi. Ermənistanın davamlı olaraq Dağlıq Qarabağda həyata keçirdiyi hərbi təlimlər rəsmi Bakını adekvat addımlar atmağa məcbur edirdi. Azərbaycan Ordusu da Dağlıq Qarabağa yaxın ərazidə hərbi təlimlər keçirir. Bu, Azərbaycanın öz əraziləridir və buna hüququ var. Ermənistan ordusunın hərbi texnikası isə qeyri-qanuni olaraq Dağlıq Qarabağ separatçıları ilə birgə işğal altındakı Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Bu ikisi arasında fərq var. Əvvəlki illərdə rəsmi Bakı ermənlərin hərbi təlimlərinə müdaxilə etmirdi. İndi isə rəsmi Bakı qərarını dəyişib: Dağlıq Qarabağdan kənara çıxacaq təyyarələr və hərbi helikopterlər vurulacaq. Bakının bu qərarı bölgədə Yerevan üçün yeni situasiya yaradır".

Politoloq vurğulayıb ki, Fransa Cənubi Qafqazda təşəbbüsü Rusiyadan ala bilər: "Mayda Dağlıq Qarabağdakı silahlı toqquşmalara son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin 1994-cü ildə Bişkekdə imzaladıqları atəşkəs sazişindən 20 il keçdi. 

Onun sözlərinə əsasən, avqustun əvvəlində Dağlıq Qarabağda atəşkəs intensiv şəkildə pozulduqdan sonra müharibənin başlayacağı haqda fikirlərin artmasına səbəb olub: "Rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir. Məhz bu səbəbdən Prezident İlham Əliyev müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda bəzi islahatlara başladı, Silahlı Qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Zakir Həsənov ayrıca cəbhə bölgəsində işğalçılara Azərbaycan Ordusunun gücünü göstərməyə həvəsləndi. Təsadüfi deyil ki, cəbhə bölgəsində mövqe döyüşləri artdı".

Qurum sədri 2014-cü ildə Dağlıq Qarabağla bağlı yaddan qalan əsas hadisələri aşağıdakı kimi yekunlaşdırıb:

  • -20 yanvar tarixindən başlayaraq atəşkəsin intensiv pozulması;
  • -Soçi olimpiadası dövründə nisbi sakitliyin yaranması;
  • -Atəşkəs sazişinin imzalanmasının 20 illiyi;
  • -Həmsədrlərin Sərsəng su anbarının birgə işlədilməsina dair təklifləri;
  • -Amerikall həmsədr Ceyms Uorlikin 6 bəndlik təklifi;
  • -Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri;
  • -Avqustun əvvəllərində atəşkəsin intensiv pozulması və tərəflərin çoxsaylı itkiləri;
  • -Prezidentlərin Soçi görüşü
  • -Prezidentlərin Paris görüşü
  • -Vurulan helikopter.

Son xəbərlər

Orphus sistemi