Bakı. 16 fevral. REPORT.AZ/ "Biz təmas xətti və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsindən narahatıq".
"Report" xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
NATO-nun xüsusi nümayəndəsi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Bakıya cari səfəri zamanı müzakirə olunub: "NATO münaqişənin həlli prosesinə cəlb olunmayıb, lakin Avropada uzun sürən münaqişələrə dair NATO-nun öz mövqeyi var. Həmin mövqe NATO-nun son sammitində bəyan edilib. Biz təmas xəttində vəziyyətin pisləşməsindən narahatıq və tərəfləri ATƏT-in Minsk qrupunun dəstəyilə münaqişənin sülh yolu ilə tənzimlənməsinə doğru addım atmağa çağırırıq".