Yuxarı

Çeçelaşvili: "GUAM məkanındakı münaqişələr regionda və Avropada sülh və təhlükəsizliyi pozur"

GUAM baş katibi ATƏT-in Daimi Şurasının iclasında çıxış edib

Bakı. 1 may. REPORT.AZ/ "GUAM ölkələri onillərlə davam edən və həllini gözləyən münaqişələrdən əziyyət çəkir. Xarici hərbi müdaxilə nəticəsində başlayan bu münaqişələr regional və Avropa səviyyəsində sülh, təhlükəsizlik və əməkdaşlığa zərbə vurur". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili aprelin 30-da Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı bildirib.

Baş katib vurğulayıb ki, bugünkü çağırışlar kollektiv səylərin göstərilməsini tələb edir və ATƏT təhlükəsizlik məsələlərinə hərtərəfli yanaşma göstərməklə bu təşkilata olan etimadını bərpa etməyə imkan verən xüsusi mövqeyə malikdir.

"Münaqişələr hamı tərəfindən qəbul olunan, o cümlədən, suverenlik və dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquq və normalar çərçivəsində, yalnız sülh yolu ilə həllini tapa bilər. Beynəlxalq ictimaiyyətin güclü və ardıcıl dəstəyi bu işdə həlledici rol oynayır", - Çeçelaşvili qeyd edib.

Çıxışı zamanı GUAM-ın baş katibi, həmçinin təşkilatın ATƏT-lə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi