Yuxarı

Bundestaqın vitse-spikeri: "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilməyəcək"

Edelqard Bulman: Almaniya ATƏT-in sədri kimi, regionda sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edəcək

Bakı. 24 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil". "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının vitse-spikeri Edelqard Bulman ermənistanlı həmkarı Eduard Şarmazanovla Yerevandakı görüşündən sonra deyib.

"Almaniya ATƏT-in Minsk qrupunun səylərini alqışlayır. Əminik ki, bu münaqişə hərbi yolla həll edilə bilməz və edilməyəcək də", - deyə E.Bulman bildirib.

Xanım siyasətçi tərəfləri Vyana razılaşmasının şərtlərini yerinə yetirməyə çağıraraq, vəziyyətin gərginləşməməsi üçün təmas xəttindəki insidentlərin istintaqı mexanizminin tətbiqinin zəruriliyini vurğulayıb.

"Ümid edirik ki, atəşkəs rejiminin qorunması haqqında saziş ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi fundamental prinsiplərə əsaslanan danışıqların yenidən başlaması üçün əsas olacaq", - deyə E.Bulman qeyd edib.

Bundestaqın vitse-spikeri onu da bildirib ki, Almaniya ATƏT-in sədri kimi, regionda sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi