Yuxarı

Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Tədbirdə Azərbaycan və Türkiyə səfirləri, Macarıstan tarixçiləri, alimləri iştirak ediblər

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Azərbaycan-Macar Dostluq Cəmiyyətinin və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə Budapeştin Gellert otelinin konfrans zalında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Bu barədə “Report”a səfirlikdən bildirilib.

Tədbiri giriş sözü ilə “Qardaşlıq” cəmiyyətinin sədri Ramiz Əmirli açıb. Azərbaycanın və Macarıstanın dövlət himnlərinin ifasından sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfirləri – Vilayət Quliyev və Şakir Fakılı toplantı iştirakçıları qarşısında çıxış ediblər. Diplomatlar çıxışlarında 100 illiyi bir sıra dünya ölkələrində səs-küylə qeyd olunan qondarma “erməni soyqırımı”nın saxta mahiyyətini çoxsaylı faktlarla açıqlayaraq ortaya qoyublar. Əsl soyqırımın Birinci Dünya müharibəsi illərində Anadolu türklərinə, sovet imperiyasının süqutu ərəfəsində isə Azərbaycan türklərinə qarşı törədildiyini iştirakçıların diqqətinə çatdırıblar. Bunun ən bariz nümunəsinin Xocalıda törədilən dəhşətli qətliam olduğu göstərilib. 

Macar tarixçisi Barbara Obruşanska, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Hollandiyada yaşayan Azərbaycan icmasının təmsilçisi Vüqar Abbasov, Macarıstan Parlamentinin keçmiş üzvü doktor Atilla Şarvaş və Sombateli Universitetinin dosenti doktor Mihal Freshli öz çıxışlarında uydurma “erməni soyqırımı”nın, Dağlıq Qarabağdakı erməni işğalının və Xocalı soyqırımının müxtəlif aspektlərinə toxunublar.

Tədbir çərçivəsində Barbara Obruşancka və Ceyhun Ələkbərovun birlikdə qələmə aldıqları "Azərbaycan - Qafqazın parlayan ulduzu" və əsərlərini macar dilində yazan gənc azərbaycanlı şair Rüstəm Əmirlinin "Nigarançılıq" kitablarının təqdimatı da keçirilib.

Macarıstanın ermənipərəst mövqeyi ilə seçilən indeks.hu saytı Xocalı soyqırımına həsr olunan bu toplantı ilə bağlı geniş yazı təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi