Bu gün dünyada Ümumdünya Qaçqınlar Günüdür

Bu gün dünyada Ümumdünya Qaçqınlar Günüdür Ermənistanın təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkələrdən birinə çevirib
Qarabağ
20 İyun , 2015 13:39
Bu gün dünyada Ümumdünya Qaçqınlar Günüdür

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün dünyada Ümumdünya Qaçqınlar Günüdür. "Report" xəbər verir ki, 2000-ci ildə BMT-nin Baş Assambleyası 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib.

Qeyd edək ki, dünya qaçqınları sırasında Azərbaycanın da 1 milyondan artıq qaçqın və məcburi köçkünü  qeydiyyatdadır. Ermənistanın təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkələrdən birinə çevirib.

1998-ci ildə qəbul edilən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, onlar üçün yeni qəsəbələr salınmağa başlayıb.

2003-cü ildən başlayaraq bu istiqamətdə işlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilib. Münaqişə başlayandan Azərbaycanda mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb.

Növbəti illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün də böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

İndiyədək dövlətin qaçqınlar üçün saldığı qəsəbəyə 100 min qaçqın və məcburi köçkün köçürülüb.

126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib, 564 kilometr yol, 672 kilometr su, 1073 kilometr elektrik, 149 kilometr qaz, 37,1 kilometr kanalizasiya, 4,3 kilometr istilik xətləri çəkilib, 559 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu da məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə çalışıb.

Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin "böyük qayıdışı" layihəsi də artıq hazırdır. Bu proqram müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlar tərəfindən razılaşdırılıb. Layihə işğal altında olan Azərbaycan torpaqlarının azad olandan sonra həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi