​Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

​Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib Tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri iştirak ediblər
Qarabağ
30 Sentyabr , 2015 10:07
​Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu - “Chatham House”da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi” mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri, akademik dairələrin üzvləri, tədqiqatçılar, regiona maraq göstərən ekspertlər iştirak ediblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, "ADA" Universitetində siyasi elmlər üzrə dosent Kavus Abuşov çıxış ediblər.

R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verib. Milli Məclisin deputatı beynəlxalq qurumları məsələyə daha ciddi yanaşmağa və münaqişənin tez bir zamanda həll edilməsi üçün daha böyük səylər göstərməyə çağırıb. Bildirilib ki, münaqişənin həllinə dair Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasını nəzərdə tutur.

K.Abuşov doğma torpaqlarımızın işğalçı ölkə tərəfindən zəbt edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdıraraq deyib ki, dünyadakı digər münaqişə ocaqlarında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə də, Xocalı soyqırımı kimi faktlara da ciddi yanaşılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. İştirakçılar müzakirələrdə fəal iştirak ediblər və münaqişənin həllinə xüsusi maraq göstəriblər.

Qeyd edək ki, iyul ayında Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu - “Chatham House” Dağlıq Qarabağın erməni separatçılarının rəhbəri Bako Saakyanı Londona dəvət etmişdi. Rəsmi Bakı separatçıların rəhbərinin Londona dəvət edilməsinə sərt reaksiya vermişdi. 

Son xəbərlər

Orphus sistemi