Yuxarı

BQXK Azərbaycan və Ermənistan tərəfinin meyitləri qaytarmasına yardımçı olub

Patrik Vial: Biz münaqişənin gərginləşməsindən sonra tərəflərin göstərdikləri səyləri müsbət qiymətləndiririk

Bakı. 20 aprel. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) döyüş meydanından çıxarılmış meyitin geri qaytarılmasında yardımçı olur. Bu barədə "Report"a BQXK-nın Bakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı erməni hərbçinin meyiti geri qaytarılıb: "Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndiyaxınlığında baş tutub. Bu təhvil vermədən əvvəl BQXK münaqişə tərəflərinin meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin tərəflərin meyitləri bir-birinə qaytarılmasında da yardımçı olub".

"Biz münaqişənin gərginləşməsindən sonra itkin düşmüş hesab edilən hər bir şəxsin taleyinə aydınlıq gətirilməsi istiqamətində tərəflərin göstərdikləri səyləri müsbət qiymətləndiririk. Bundan fərqli olaraq, 1992-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin aktiv mərhələsində itkin düşmüş 4 000-dən artıq şəxsin ailəsi hələ də onların talelərindən bixəbərdir. Bu ailələrin cavabla təmin edilməsi bizim əsas prioritetlərimizdən biridir”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib.

Xatırladaq ki, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşmədən sonra BQXK humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi xidmətlərini təklif edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi