"Böyüməyən uşaqlar" kitabının müzakirəsi keçirilib

"Böyüməyən uşaqlar" kitabının müzakirəsi keçirilib Elşad Eyvazlı: "Məqsəd bu faciəyə dair həqiqətləri dünyaya zərərçəkənlərin öz dilindən çatdırmaqdır"
Qarabağ
4 May , 2015 17:56
Böyüməyən uşaqlar kitabının müzakirəsi keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində "Böyüməyən uşaqlar" kitabının müzakirəsi keçirilib. "Report" xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlının Xocalıda hər iki valideynlərini itirən uşaqlardan bəhs edən kitabının müzakirəsində AYB-nin sədri, yazıçı Anar, deputatlar Fazil Mustafa, Adil Əliyev, Jalə Əliyeva, Tahir Rzayev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları iştirak ediblər.

E.Eyvazlı qeyd edib ki, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Xocalıya ədalət" kampaniyası keçirilir: "Məqsəd bu faciəyə dair həqiqətləri dünyaya zərərçəkənlərin öz dilindən çatdırmaqdır. Kampaniya çərçivəsində "Böyüməyən uşaqlar" kitabı müxtəlif dillərə tərcümə olunub və xarici ölkələrdə nümayiş etdirilib".

Yazıçılar Birliyinin sədri Anar bildirib ki, kitab erməni dilinə də tərcümə olunmalıdır: "Kitab tamamilə fərqli bir üslub yaratdı. Faciənin həmin dəhşətləri yaşayan uşaqların dilindən danışılması və dünyaya çatdırılması daha təsirli bir vasitədir. Bu uşaqlar böyüyəcək, amma yenə uşaq qalacaqlar. Çünki uşaqlıqdan aldıqları zədə həmişə onları izləyəcək".

Deputat Fazil Mustafa hesab edir ki, kitab Xocalı faciəsini dünyaya çatdırma vasitəsinə çevrilib: "Kitab yeni üslub yaradıb. Faciənin tanıdılması üçün bu üslub çox doğru seçilib. Əsas məqəsəd Xocalı faciəsinin daha doğru bir şəkildə dünyaya tanıdılmasıdır".

Deputat Adil Əliyev, Jalə Əliyeva, Tahir Rzayev, "Şərq" qəzetinin redaktoru Akif Aşırlı da kitab barəsində fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitab Azərbaycan, türk, ingilis və alman dillərində nəşr edilib.

Son xəbərlər

Orphus sistemi