Xocalı soyqırımına həsr olunan “Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib

Xocalı soyqırımına həsr olunan “Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib Tədbirdə Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənc iştirak edib
Qarabağ
25 Fevral , 2015 11:34
Xocalı soyqırımına həsr olunan “Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş “Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib. "Report" xəbər verir ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupu tərəfindən hazırlanıb.

Tədbir Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun çıxışı ilə başlayıb. Bayram Səfərov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətindən danışıb: "Heç bir zaman düşünmürdük ki, bizim başımıza bu kimi fəlakətlər gətirilə bilər. 1905, 1915-18-ci illərdə soyqırımı, 1940-cı illərdə deportasiya hadisələrindən sonra yenidən 1988-ci ildə başımıza müsibətlər gətirildi. 17 fevral tarixində Qaradağlı soyqırımı törədildi. İnsanlar diri-diri torpağa basdırıldı. Malıbəyli və Quşçular kəndi isə Qaradağlıdan fərqli olaraq ermənilərin mühasirəsindən çıxa bilmişdi. Ermənilər Xocalıda xüsusi vəhşiliklə 613 nəfər günahsız insanı qətlə yetirdilər. Həmin dövrlə indiki zamanı düşündükdə fərq yerlə göy arasındadır. Hazırda ordumuz düşmənə istənilən səviyyədə cavab verir".

Filmin təqdimatından sonra Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənc səhnəyə dəvət olunub, onların çıxışları dinlənilib. Sonra Bayram Səfərov bildirib ki, bu gənclərin gələcəkdə mənzillərlə təmin edilməsi üçün işlər görüləcək.

Son xəbərlər

Orphus sistemi