Yuxarı
    Bağlamaq

    Bolqarıstanda Xocalı faciəsi ilə bağlı klassik musiqi konserti təşkil olunub

    “Qarabağın musiqi çələngi” adlanan konsert proqramını Sofiya simfonik orkestri təqdim edib

    Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşəbbüsü, Sofiya Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş Azərbaycanın klassik musiqisindən ibarət konsert təşkil edilib.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, “Qarabağın musiqi çələngi” adlanan konsert proqramını “Nadejda” Bələdiyyə Mədəniyyət İnstitutunda Bolqarıstanın məşhur dirijoru, üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Kiril Lambovun rəhbərliyi ilə Sofiya simfonik orkestri təqdim edib.

    Giriş sözü söyləyən Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov konsertin təşkilatçılarına təşəkkürünü bildirərək, qonaqlara Qarabağ haqqında ətraflı məlumat verib. Zəngin və qədim mədəniyyətə malik olan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayan səfir bu diyarın ürəyi sayılan Şuşa şəhərinin Qafqazın konservatoriyası adlandırıldığını və bir çox dünya şöhrətli Azərbaycan bəstəkarları, müğənniləri və musiqiçilərinin vətəni olduğunu diqqətə çatdırıb. Onların sırasında dahi bəstəkar, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin, opera müğənnisi Bülbülün, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin, Fikrət Əmirovun, Niyazinin, xanəndələr Seyid və Xan Şuşinskilərin, Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov və başqalarının adını çəkib.

    Səfir qeyd edib ki, bu dahi şəxsiyyətlərin vətəni olan Şuşa, eləcə də Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon 20 ildən çoxdur erməni işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox insan məcburi köçkünə çevrilib, on minlərlə azərbaycanlı öldürülüb, Xocalı şəhərində dəhşətli soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, bu qətnamələrə əməl olunmur.

    Sonra dirijor K.Lambov Azərbaycanın məşhur “Laçın” xalq mahnısı əsasında bəstələdiyi improvizasiyasını, "Azərbaycan-Bolqar dostluğunun inkişafına kömək” İctimai Birliyinin sədri, “Akord” beynəlxalq jurnalının baş redaktoru Mariya Atanasovanın “Anaların göz yaşlarını silin” şerinə bəstələdiyi musiqini, sözləri Bolqarıstan şairi və jurnalisti Qerqana Dvoretskayaya məxsus “Qafqazın qızılgülü” simfonik əsərini, habelə Fikrət Əmirovun “Şur” simfonik muğamını və Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentləri təqdim edib. 200-dən çox tamaşaçının izlədiyi konsertdə hər bir musiqi nömrəsi hərarətli alqışlarla müşayiət olunub.

    Tədbirin sonunda səfirlik tərəfindən tərəfindən təşkil olunmuş fotosərgi nümayiş etdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi