Yuxarı

​Zakir Həsənov: “Biz hər gün torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırırıq”

“Plana uyğun olaraq bu il daha bir neçə hərbi hissənin açılışı nəzərdə tutulub”

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

“Bu gün biz yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Son bir neçə ay ərzində artıq 3-cü hərbi hissənin açılışı həyata keçirilir. Plana uyğun olaraq bu il daha bir neçə hərbi hissənin açılışı nəzərdə tutulub.

Ölkəmizin rəhbərliyi Silahlı Qüvvəllərin inkişafını ən mühim istiqamətlərdən biri hesab edir. Ordumuz müasir silah və texnika ilə təchiz olunur, şəxsi heyətin sosial bazasının möhkənləndirilməsi məqsədilə yeni hərbi şəhərciklər, xidməti mənzillər tikilərək əsgər, gizir və zabitlərin istifadəsinə verilir. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycan xalqının və dövlətinin bir problemi var - bu Dağlıq Qarabağ problemidir. Bu məsələnin müsbət həll olunması istiqamətində mühüm işlər həyata keçirilir. Silahlı Qüvvələrin möhkəmləndirilməsi də dövlətin prioritet sahələrindən ən vacibidir.

Son vaxtlar Silahlı Qüvvələrimiz döyüş hazırlığını artırmaqla, döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaqla düşmən üzərində üstünlüyə nail olmaq vəzifəsini layiqincə yerinə yetirir.

Bu günlərdə xalqımız Xocalı faciəsinin anma tədbirlərini keçirdi. Biz hamımız, xüsusilə Silahlı Qüvvələrimizin şəxsi heyəti, xalqımıza qarşı törədilən bu soyqırımı heç vaxt unutmamalıyıq. Biz əminik ki, Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Silahlı Qüvvələr güclü və möhkəm olmalıdır ki, xalqımız bir daha belə vəhşiliklə üzləşməsin. Biz öz döyüş imkanlarımızı və hazırlığımızı artırmaq məqsədilə silahlarımızı elə dərindən öyrənməliyik ki, xalqımızı qoruya bilək, düşmənə dağıdıcı zərbə endirməklə torpaqlarımızı işğaldan azad edək.

Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq.

Mən bu yeni hərbi şəhərcikdə sizə xidmətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, yüksək səviyyədə təşkil olunmuş bu hərbi şəhərcikdə döyüş hazırlığınızı daim təkmilləşdirəsiniz və hərbi hissənin qarşısına qoyulan tapşırıqları hər an operativ şəkildə yerinə yetirməyə tam hazır olasınız!” - deyə, müdafiə naziri bildirib.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi