Yuxarı

​Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda beynəlxalq tədbir keçirilib

Toplantı iştirakçıları və qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq "dəyirmi masa" başlayıb.

"Report" xəbər verir ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilir.

Tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev açaraq bildirib ki, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi kimi böyük tarixi inkişaf yolu keçib: "Bu gün multikulturalizm dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. Bu inkişaf yolu tarix boyu “qara zolaq”la - terrorla üzləşib, xüsusilə də erməni terrorunun intensiv olduğu dövrlər multikulturalizmin qarşısında başlıca qanlı maneə kimi durub. "Böyük Ermənistan” və “erməni soyqırımı” əfsanələrini uyduran erməni millətçiləri bu bayraqlar altında XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırım siyasəti aparıb. XX əsr boyu törədilən erməni terrorunun səbəbini erməni millətçiləri 1965-ci ilə qədər gündəmə gətirmədikləri və sonradan uydurduqları “erməni soyqırımı"nın qisası kimi göstərib, öz cinayətlərini davam etdiriblər".

Onun sözlərinə görə, XX əsrin sonlarında Ermənistan Respublikasında terroru dövlət səviyyəsinə qaldıran hakim dairələrin məqsədyönlü etnik təmizləmə siyasətinə etnik ermənilərdən başqa bütün digər xalqlar - azərbaycanlılar, kürdlər, aysorlar, yunanlar, ruslar, ukraynalılar və belaruslar məruz qalıb: "Dünya təcrübəsi göstərir ki, multikulturalizm boğulan yerdə terror ətrafa ölüm saçır, terror olmayan yerdə isə multikulturalizm çiçəklənir. Ona görə də “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq "dəyirmi masa" geniş layihənin ilk səhifəsidir".

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor, deputat Yaqub Mahmudov Xocalı soyqırımının qəbul edilməməsi məsələsinə toxunub: “Xocalı soyqırımı dünən olub. Nə üçün dünya bunu qəbul etmir? Bu soyqırımı ABŞ, Almaniya, Fransa, Avropanın digər ölkələrində olsaydı, cavabsız qalardımı? Erməni terroru ilə bağlı həqiqət dərindən araşdırılıb, dünyaya çatdırılmalıdır. Xalqlara qarşı ayrı-seçkiliyə yol verilməməlidir. Əgər məhv edilən türk-müsəlman əhali, dini İslam dinidirsə, deməli, onlara dözmək olar. Amma Qərbin hər hansı ölkəsində olarsa dözmək olmaz. Burada həqiqət, məntiq hardadır?”

Tədbirdə həmçinin rusiyalı siyasi analitik, tarix elmləri üzrə fəlsəfə doktoru Oleq Kuznetsov, ABŞ-ın Tennesi Texnologiya Universitetinin Sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, özbəkistanlı tarixçi alim Şöhrət Salamov və digərləri erməni terrorunun mahiyyətindən, dəhşətlərindən söz açıblar.

"Dəyirmi masa"da "Erməni terroru və Azərbaycan kürdləri", "Erməni terrorunun hüquqi və mənəvi ölçüləri" və s. mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, toplantı iki gün davam edəcək. Tədbirin ikinci günü iştirakçılar və qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi