Yuxarı

​Bahar Muradova: "Sarqsyanın çıxışları təcavüzə və ərazi iddialarına yönəlib"

O bilərəkdən və bilməyərəkdən dünyaya göstərmiş olur ki, bu güc təcavüzə və ərazi iddialarına yönəlib

Bakı. 22 noyabr. REPORT.AZ/ "Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində,  "Dağlıq Qarabağ" adlanan oyuncaq bir quruma aid edildiyi söylənilən ordu bölmələri və əsgərlər qarşısında çıxış etməsi beynəlxalq hüququn prinsiplərini ayaq altına atmaq və hərbi təhdiddən, militarist mövqedən növbəti dəfə istifadə faktıdır". Bunu "Report"a Milli Məclisin (MM) sədr-müavini Bahar Muradova bildirib.

"Əgər Sarqsyan bunu Ermənistan ərazisində etmiş olsaydı, başa düşmək olardı ki, ali baş komandan öz ordu bölmələrinin qarşısında çıxış edir. Onun Dağlıq Qarabağ ərazisindəki hərbi qulluqçular qarşısında çıxış etməsi isə qətiyyən yolverilməzdir. Düşünürəm ki, Sarqsyan bununla özlərinin malik olduğu dırnaqarası gücünü göstərmək istəyir və eyni zamanda o, bilərəkdən və bilməyərəkdən dünyaya göstərmiş olur ki, bu güc təcavüzə və ərazi iddialarına yönəlib", - B.Muradova deyib.

Onun sözlərinə görə, Sarqsyan bir daha dünya ictimaiyyətinə sübut edir ki, Dağlıq Qarabağ adlı "oyuncaq respublika" faktiki olaraq yoxdur.

"Buna görə də hesab edirəm ki, çomağın iki tərəfi var: bir tərəfi də elə ermənilərin başına dəyir. Bura Ermənistanın regionu kimi baxılır və Ermənistan ordusunun bölmələri orada yerləşir. Ermənistana məxsus texnika və helikopterlərdən istifadə olunur, bu texnikalar Ermənistan ordusunda xidmət edən zabitlər və hərbi qulluqçular tərəfindən idarə olunur. Bu səbəbdən də dünyanın gözünə kül üfürmək istəyən Sarqsyan yanılır və yanlış yoldadır", - B. Muradova deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi