Bakı. 20 noyabr. REPORT.AZ/ "Son zamanlar Qarabağ münaqişəsi ətrafında fəallığın artmasını müsbət dəyərləndirirəm".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Onun sözlərinə görə, müəyyən səbəblər nəticəsində danışıqlar bir müddət səngimişdi: "Hazırda bir-birinin ardınca dünyanı sirkələyən hadisələr baş verir. Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir. Bu hadisələrə beynəlxalq aləmin münasibəti və bu günə qədər Qarabağ məsələsinə olan fərqli mövqeyi Azərbaycanın bu məsələdə daha ciddi şəkildə tələblər ortaya qoyması haqlıdır. Həmçinin Azərbaycanın vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər irəli sürməsi doğrudur. Hesab edirəm ki, danışıqların məzmununa bu vəziyyət təsir göstərməlidir".
B.Muradova bildirib ki, Azərbaycan hər zaman olduğu kimi yenə də substantiv danışıqlarda maraqlıdır: "Biz nəticələrə əsaslanmış danışıqların keçirilməsini vacib hesab edirik. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır".