Yuxarı

Bahar Muradova: “Bundestaqın qətnaməsi Almaniyanın Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutacağına ümidləri azaldır"

Milli Məclis sədrinin müavini: Qondarma erməni soyqırımı qətnaməsi ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın imicinə xələl gətirir

Bakı. 3 iyun. REPORT.AZ/ “Almaniya parlamentinin qondarma "erməni soyqırımı" haqda qəbul etdiyi qətnamə bu ölkənin ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutacağına ümidləri azaldır".

Bunu “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O qeyd edib ki, reallıqda baş verən, göz önündə cərəyan edən və faktları ortada olan konkret məsələlərlə bağlı tərəf tutmaqdan çəkinən siyasətçilər yüz il bundan qabaq baş verdiyi iddia edilən hadisəyə görə mövqe bildirməkdən çəkinmirlər: "Belə ikili yanaşma anlaşılan deyil". 

B.Muradova bildirib ki, qondarma "erməni soyqırımı" məsələsi Almaniya Bundestaqının gündəminə gələndən sonra belə bir qətnamənin qəbul olunacağı gözlənilən idi: “Bunu nəzərə alaraq Bundestaqın deputatlarına və ATƏT-in fəaliyyətdə olan sədri kimi bütövlükdə Almaniyaya müəyyən çağırışlar etmişdik və bu mövqedən çəkinmələrinin daha məqsədəuyğun olduğunu vurğulamışdıq. Qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın imicinə xələl gətirir. Çünki 1915-ci ildə baş verən hadisələrin "erməni soyqırımı" kimi qəbul edilməsi Dağlıq Qarabağ münaqişənin ikinci tərəfi olan Azərbaycanda müəyyən narahatlıqlar doğurur. Məhkəmə hökmü olmayan hadisələr haqda belə qətnamə qəbul edilməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi erməni iddiaları və Ermənistanın azərbaycanlıları doğma yerlərindən zorla çıxarması haqda qərarlar qəbul edib. Almaniya Bundestaqı bunları nəzərə almalıydı və belə bir addım atmamalıydı. Təəssüf ki, Almaniyada siyasi konyunkturanın arxasınca getdilər və belə qeyri-obyektiv qətnamə qəbul etdilər".

Milli Məclis sədrinin müavini qeyd edib ki, belə qətnamələrin qəbul edilməsi dünyada gedən proseslərə, xüsusilə də münaqişələrin həlli, müharibələrin qarşısının alınması və miqrasiya probleminin qarşısının alınması üçün görülən işlərə ciddi ziyan vurur: “Bu kimi məsələləri müzakirə etmək əvəzinə qaranlıq tarixdən istinadsız nəsə axtarmağı əlbəttə ki, normal qəbul etmək mümkün deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu cür qərarlar hansısa ölkəyə təsir etmək gücündə deyil”.

B.Muradova deyib ki, Azərbaycan digər məsələlərdə olduğu kimi Almaniya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibətdə də Türkiyənin yanındadır: "Azərbaycan nə olursa olsun hər zaman Türkiyənin tərəfində olduğunu dəfələrlə bəyan edib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi