Yuxarı
    Bağlamaq

    "Azıx" mağarasında qanunsuz arxeoloji qazıntılar aparan şəxslər barəsində cinayət işi başlanılıb, İnterpola sorğular göndərilib

    Baş Prokurorluq qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlar atacaq

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən şəxslərlə bağlı İnterpola sorğular göndərilib. 

    Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərimizin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir: "Təəssüflər olsun ki, bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, eləcə də Azərbaycanın və vətəndaşlığını daşıdığı ölkələrin rəsmi xəbərdarlıqlarına məhəl qoymadan Ermənistanın təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunurlar. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır".

    Məlumatda bildirilib ki, Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq (Tania King) və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun (Peter Andrews) işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında 2002-ci ildən etibarən arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyinin, Böyük Britaniyanın Qaluay Universitetinin, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb: "Həmin fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq humanitar hüququnun normalarına uyğunluğu hazırda araşdırılır. İttiham üçün əsaslı şübhələr olduğundan həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək, barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib".

    Baş Prokurorluq bəyan edib ki, Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlarını bundan sonra da atacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi